25 fevral 2015-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Sumqayıt hadisələri ilə bağlı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İbrahim Məmmədovun “Azərbaycana qarşı Sumqayıt təxribatı – “Qriqoryan işi” kitabının təqdimatına həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini cənab Rüstəm Usubovun çıxışının mətni


Hörmətli mərasim iştirakçıları!

Təqdimatına toplaşdığımız bu kitab 27-29 fevral 1988-ci ildə Sumqayıt şəhərində baş verən hadisələrin sistemli şəkildə öyrənilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Bildiyiniz kimi, hazırda Baş Prokurorluqda Sumqayıt hadisələri ilə əlaqədar cinayət işinin istintaqı davam etdirilir.

Uzun müddət keçməsinə baxmayaraq həmin hadisələrin yenidən araşdırılması zərurəti qalmaqdadır.

Sumqayıt şəhərində törədilmiş kütləvi iğtisaşlardan 27 il keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş hadisələrin əsl mahiyyətini gizlədərək, Azərbaycan xalqını vəhşi, qaniçən və cinayətkar qismində dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxır, Sumqayıt hadisələrini soyqırım kimi təqdim etməyə çalışırlar və bu istiqamətdə xeyli fəallaşaraq aktiv təbliğatla məşğuldurlar. Bu məqsədlə Ermənistan Baş Prokurorluğu Sumqayıt hadisələri ilə bağlı İnternetdə xüsusi sayt açaraq bu hadisələrin mahiyyətini saxtalaşdıraraq yalan məlumatlar yaymağa davam edir.

Bundan başqa, həmin hadisələrlə əlaqədar Sumqayıt şəhər prokurorluğu tərəfindən hadisələr başlayan kimi, yəni fevralın 27-də başlanmış və artıq 1 mart 1988-ci il tarixdən keçmiş SSRİ Baş Prokurorluğunun istintaq qrupunun icraatına götürülərək istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərmişdir ki, bu hadisələrlə bağlı işin istintaqı qeyd olunan istintaq qrupu tərəfindən tam, hərtərəfli və obyektiv aparılmamış, hadisələrin əsl mahiyyəti açılmamış, faktiki olaraq gizlədilmiş, cinayətlərin bütün iştirakçıları müəyyən edilməmiş, bu hadisələrin əsil təşkilatçıları isə ümumiyyətlə məsuliyyətdən kənarda qalmış, onların müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməmiş, cinayətin baş vermə səbəb və şəraiti qətiyyən araşdırılmamışdır.

Hazırda aparılan istintaqın əsas məqsədi də məhz Sumqayıt hadisələri ilə əlaqədar erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını, nə qədər çətin olsa müəyyən etməkdir.

Bu məqsədlə ilk öncə Baş prokuror cənab Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün prokurorluğun təcrübəli işçilərindən ibarət komissiya yaradılmış və komissiya işləri öyrənib həmin işlərin icraatlarının təzələnərək yenidən istintaq aparılmasını tövsiyə etmişdir.

Baş prokurorun 19 mart 2010-cu il tarixli qərarı ilə 5 cinayət işinin icraatı təzələnərək, bir icraatda birləşdirilib istintaqın aparılması rəhbəri olduğum Baş Prokurorluğun, MTN və DİN-in təcrübəli əməkdaşlarından ibarət istintaq- əməliyyat qrupuna tapşırılmışdır.

Doğrudur, Sumqayıt hadisələri ilə əlaqədar keçmiş SSRİ Baş Prokurorluğunda SSRİ-nin müxtəlif respublikalarından və hüquq mühafizə orqanlarından 231 müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən olduqca böyük həcmdə material toplanmış, araşdırılmış və nəticəsi olaraq bir çox şəxslər məsuliyyətə cəlb edilmişlər.

Lakin hadisələrlə bağlı istintaqın lap əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkarların isə azərbaycanlılar olması barədə irəli sürülmüş doqmatik fərziyyə istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb oImuşdur.

İğtişaşlarla əlaqədar SSRİ-nin Baş prokuroru yanında xüsusilə mühüm işlər müstəntiqi V.Qalkinin rəhbərliyi ilə 231 nəfərdən ibarət və Azərbaycan hüquq mühafızə orqanlarının da 43 əməkdaşının iştirak etdiyi əməliyyat qrupunun apardığı istintaq nətiəsində müəyyən edilmişdir ki, hadisə zamanı 32 nəfər öldürülmüş (onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olmuşdur), 1 nəfər itkin düşmüş, 163 nəfər aldığı xəsarətlərlə əlaqədar tibb müəssisələrinə müraciət etmiş, onlardan 53-ü erməni, 75-i azərbaycanlı, 35 nəfəri isə başqa millətlərin nümayəndələri olmuşlar. Kütləvi iğtişaşlarda 193 mənzil talan edilmiş, 54 ticarət, məişət, mətbuat yayımı obyektləri, 21 şəxsi, 20 dövlət nəqliyyat vasitələri qəsdən yandırılmış, dağıdılmış və ya qismən zədələnmişdir. Nəticədə yaşayış sahələrinə, şəhər təsərrüfatına və digər obyektlərə 6.996.000 rubl ziyan dəymişdir. Qeyd olunanlar SSRİ Baş Prokurorluğunun istintaq qrupunun apardığı istintaq nəticəsində müəyyən edilmişdir.

Belə ki, Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmamış, onlar dərhal “Zərərçəkən” tərəf kimi buraxılmış və bir çoxları məsuliyyətdən kənarda qalmışlar.

İş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş erməniləri qətlə yetirən, əvvələr 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunub, üst-üstdə 9 il 2 ay həbsxanalarda yatmış qatı cani milliyətçə erməni olan Qriqoryan Eduard Robertoviç isə təsadüfən onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar Marina və Karina Mejlumyanlar və onların anası Roza Mejlumyan tərəfindən tanındığından onu məsuliyyətdən kənarda saxlamaq havadarlarına nəsib olmamışdır.

Bunu ona əsaslanıb deyirəm ki, hazırda aparılan istintaqla və əldə edilmiş arxiv materiallarına əsasən Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışmışlar.

Təsadüfi deyildir ki, Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən az sonra hansısa xidmətlərinə görə cəzasını çəkmək üçün Ermənistana göndərilmiş və orada azadlığa buraxılmışdır.

Bu gün də ermənilər Sumqayıtda kütləvi iğtişaşların fəal təşkilatçısı və iştirakçısı olan milliyyətcə erməni Qriqoryan Eduard Robertoviçin hadisələrdə iştirakının olmaması, erməni olduğuna görə onun barəsində saxta sübutlar toplanması, bəzi hallarda isə onun ümumiyyətlə erməni olmaması, anasının azərbaycanlı olması və pasportunda milliyyətinin azərbaycanlı göstərilməsi kimi şayiələr yaymaqla məşğuldurlar.

Ermənilərin nə deməsindən asılı olmayaraq Eduard Qriqoryanın Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların fəal iştirakçısı və təşkilatçısı olması ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilmiş, onun barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 22 dekabr 1989-cu il tarixli hökmü vardır.

Həmin cinayət işinin istintaq materiallarına əlavə edilmiş Eduard Qriqoryanın pasportunda, pasport almasına dair 1 N°-li formada hərbi xidmət sənədlərində onun milliyyətinin erməni yazılması müəyyən edilmişdir.

Hazırkı istintaqla o da müəyyən edilmişdir ki, Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyətinin kütləvi iğtişaşlar baş verəcəyindən əvvəlcədən xəbərləri olmuşdur. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getmələri müəyyən edilmişdir. Köçüb gedənlərin əksəriyyəti imkanlı ailələr olmuşdur. Həmin ərəfədə intensiv beynəlxalq telefon əlaqələri də ermənilər tərəfindən yaradılmışdır.

Eyni zamanda həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gəlib buradakı mehmanxanalarda yerləşmələri və buradakı ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqda müəyyən edilmişdir.

Yuxarıda qeyd olunduğu kimi ermənilər Sumqayıt hadisələri zamanı azərbaycanlıların “vəhşi” obrazını yaratmaq üçün əllərindən gələni edirlər.

Hazırda aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətcə erməni olan qadınlar dindirilmiş və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etmələrini göstərmişlər.

Bundan başqa, hələ SSRİ Baş Prokurorluğunun istintaq qrupu istintaq apararkən, Ermənistan SSR Prokurorluğunun müstəntiqləri Sumqayıtdan köçüb Ermənistana getmiş erməniləri dindirmiş və onlar da azərbaycanlıların onları xilas etmələri barədə ifadələr vermişlər.

Qeyd etdiyim kimi, bu faktdan, yəni guya hadisələr zamanı azərbaycanlılar arasında ölənlərin olmaması “faktı”ından istifadə edən ermənilər Sumqayıt hadisələri zamanı bir nəfər də olsun, azərbaycanlının öldürülməməsi barədə iddialarını bu gün də davam etdirirlər (26 erməni, 6 azərbaycanlı öldürülmüş).

Ermənilərin iddialarına baxmayaraq, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilmişdir ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 4 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmuş və əsassız olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə tərəfimizdən aparılan əlavə istintaq zamanı sübut olunmuşdur ki, Bakı 1 nömrəli avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Markaryan Valeri Vaskanoviç Sumqayıt şəhərində idarə etdiyi avtobusu küçədə səki ilə hərəkət edən insanların üstünə qəsdən sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Istintaq aparanlar rus olmaqla hadisəni elə qələmə vermişlər ki, guya zərərçəkənlərin özləri günahkar olmuş və hərbçilərin idarə etdikləri zirehli texnikanın tırtılları altında qalıb həlak olmuşlar. Ölənlərin yaxın qohumları da bu vaxtadək elə güman etmişlər ki, hadisə hərbçilər tərəfindən törədilmişdir.

Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sumqayıtda erməni milliyyətçilərinin “Krunk” təşkilatının emissarlardan biri o vaxt Qarabağdan Sumqayıta hərbi komissar kimi dəyişdirilib göndərilmiş Kalantarov soyadlı erməni polkovniki olmuşdur. O, buradakı ermənilərin hamısının sıyahısını və ünvanlarını bilmiş və hadisələr ərəfəsində iş yerini dəyişmək adı ilə aradan çıxmışdır.

Aşkar edilmişdir ki, yaşayış binasının bir girişində 1, 2, 3 və 4-cü mərtəbələrində erməni milliyətindən yaşayan vardısa, cinayətkarlar 1 və 2-ci mərtəbələrə yox, 3-cü mərtəbədə yaşayan erməninin evinə girərək hadisə törətmişlər. Bəzi mənzilləri ermənilər boşaldıb sonradan özləri yanğın törətmiş və kompensasiya istəmişlər. Bu məsələ də tam sübut edir ki, ermənilər məqsədəyönlü hərəkət edirdilər.

MTN arxivlərində saxlanılan “Nalyotçik” adı altında məxfi işdən müəyyən edilmişdir ki, Sumqayıt hadisələri ərəfəsində yerli KQB şöbəsinin nəzarətində 47 nəfər ekstremist-millətçi erməni əsilli şəxs vardır, həmin şəxslərdən biri də hadisə siyahısında olmamışdır.

Beləliklə, aparılmış hazırkı istintaqla tam müəyyən edilmişdir ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Vilayətində fəaliyyət göstərən “Krunk” cəmiyyətinə könüllü maddi vəsaiti köçürməkdən imtina edənlər olmuşlar.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər Kabinetinin Qaçqın və Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər, Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinə, Ali Məhkəməyə, Həmkarlar Ittifaqları Konfederasiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, respublikanın bəzi kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilərək əksəriyyətinə cavablar alınmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, Sumqayıtda həmin dövrdə 18 min nəfərə yaxın erməni yaşadığı halda, cəmi 26 erməninin öldürülməsi faktı, azərbaycanlıların öz erməni qonşularını fədakarcasına müdafiə etmələri və gizlətmələri nəticəsində mümkün olmuşdur.

Belə ki, Moskva şəhərində SSRI Prokurorluğunun istintaq qrupunun üzvü olmuş keçmiş SSRİ Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq işləmiş V.Kaliniçenko ilə görüşərkən o, Sumqayıt hadisələrinin istintaqı zamanı ermənilərin söylədiklərinin, yəni “qaniçən azərbaycanlı” obrazı əvəzinə, insanpərvərlik nümunəsi göstərmiş sumqayıtlı azərbaycanlılarından ağızdolusu danışaraq, “Səməngül” adlı sadə bir azərbaycanlı qadının erməni qonşularını, öz həyatını təhlükəyə ataraq necə müdafiə etdiyinin şahidi olduğunu bildirdi və göstərdi ki, belə faktlar yüzlərlə olmuşdur.

SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, onlar Sumqayıt hadisələrinin istintaqını aparmış SSRİ Baş Prokurorluğunun istintaq qrupunun tərkibində fəaliyyət göstərmiş, istintaq qrupunun rəhbəri SSRİ Baş Prokurorluğunun xüsusi ilə mühüm işlər üzrə baş müstəntiqi Qalkin familyalı bir nəfər olmuş, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğundan və RF-nın müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra etmiş, aparılan istintaq hərəkətlərini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil etmiş, istintaq qrupunun rəhbəri cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmamış, onların ifşa olunmasında maraqları olmamış və buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb etmiş və azərbaycan millətindən olan müstəntiqlərin əsas istintaq hərəkətlərini saxlamağa çalışmışlar.

SSRİ Baş prokurorunun müavini Bakı, Sumqayıt şəhərlərinə ezam edilmiş Katusev də istintaqın tezliklə yekunlaşmağına göstəriş vermişdir.

Tərəfimizdən həmin dövrdə Sumqayıt şəhərində partiya, sovet və hüquq mühafizə orqanlarında işləmiş, habelə kütləvi informasiya vasitələri və ictimaiyyət nümayəndələri dindirilmişlər. Onların verdikləri ifadələrdən belə nəticəyə gəlmək olar ki, hadisələr Sovet rəhbərliyinin hansısa məkrli planları və xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilmiş və idarə olunmuş, iğtişaşların qarşısını almaq üçün dövlət rəhbərliyi səviyyəsində lazımi tədbirlər görülməmişdir.

Əksinə, Kremlin göstərişi ilə rəsmi Bakı Sumqayıt hadisələrinin guya bir qrup xuliqan tərəfindən törədildiyini qəbul etmiş, siyasi səbəbləri araşdırmaq, onlara siyasi qiymət vermək əvəzinə günahkarları öz içimizdə Sumqayıt şəhərinin, o vaxtkı rəhbərləri arasında axtarmağa və tələsik onları vəzifədən və partiyadan çıxarmağa çalışmışlar.

SSRİ Daxili İşlər naziri Puqo 1991-ci ildə özünü odlu silahla vurmuşdur. Müstəntiq Niyazi Vəlixanov onun evinə baxış apararkən çoxlu sayda qovluqlar müəyyən etmiş və həmin qovluqlarda Dağlıq Qarabağ, Mesxeti türklərin Özbəkistandan qovulması və bununla əlaqədar SSRİ Daxili İşlər Nazirliyinə mütəmadi məlumatların verilməsi ilə bağlı sənədlər aşkar edilmişdir.

Apardığımız istintaq zamanı Sumqayıtda doğulub və uzun müddət orada yaşamış sakinlərin çoxsaylı ifadələrindən görünür ki, iğtişaşları təşkil edən qara plaşlı şəxslər Sumqayıtlı olmamış, onlar öz aralarında bəzən erməni dilində danışaraq, Azərbaycan dilini də təmiz bilmiş və hadisələr zamanı adamlar arasında ermənilər əleyhinə təbliğat aparmış, camaata spirtli içkilər, təsiredici həblər, pul, dəmir parçaları və s. paylamış, əvvəlcədən onları erməni ünvanlarına aparmışlar.

Azərbaycan ərazisində, o cümlədən Bakı və Sumqayıt şəhərləri ərazisində Sumqayıt şəhərindəki iğtişaşların qarşısını almaq üçün yetərli sayda hərbi qüvvələr olsa da məlum olmayan səbəbdən SSRİ rəhbərliyi buraya Rusiyada yerləşən hərbi hissələrin qüvvələrini yeritmiş, lakin onlar da iğtişaşların qarşısını almaq üçün yetərincə tədbir görməmişlər.

Sumqayıt şəhər polis idarəsinin rəis əvəzi milis podpolkovniki Xanlar Cəfərov general Krayevdən Nasosnı (indiki Tağıyev) qəsəbəsindəki hərbi qoşunların Sumqayıta yeridilməsini xahiş etsə də, o bunu etməyərək «Bir qrup xuliqanların öhdəsindən gələ bilmirsiniz» irad tutaraq bundan imtina etmiş və nəticədə ölənlərin sayı 32-yə çatmışdır. Yalnız bundan sonra komendant saatı təyin olunmuşdur.

(20 yanvar 1990-cı il hadisələri Qorbacovun dəst xətti)
Hazırda RF, Ukrayna, Belarus və Moldova hüquq mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilmişdir.

Sumqayıt hadisələrinin əsas icraçı və təşkilatçılarından olan Qriqoryan Eduar Robertoviçin yerinin müəyyən edilməsi istiqamətində də müəyyən işlər görülmüşdür.

1988-ci ilin fevral ayının 27-28-də Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların təşkilatçı və icraçılarından olan Qriqoryan Eduard Robertoviçlə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən Baş Prokurorluğa məktub daxil olmuşdur.

Məktubda göstərilir ki, 1988-ci ilin fevral ayının 27-28-də Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların təşkilatçı və icraçılarından olan Qriqoryan Eduard Robertoviçin yerinin müəyyən edilməsi üçün Nazirlik sosial şəbəkələrdə araşdırmalar aparmış və “odnoklassniki. Ru” sosial şəbəkəsində zahiri görkəmi və digər əlamətləri ilə Eduard Qriqoryana oxşayan şəxsin foto şəkilləri əldə edilmişdir. Həmçinin qeyd olunur ki, sosial şəbəkələrdən əldə edilmiş bu faktlar Eduard Qriqoryanın Rusiya Federasiyasının Moskva şəhəri yaxınlığında yerləşən Serqiyevo- Pasadski rayonunda yaşadığını güman etməyə əsas verir.

Eyni zamanda Eduard Qriqoryanın “odnoklassniki.ru” sosial şəbəkəsindən əldə edilmiş foto şəkilləri prokurorluğa göndərilmişdir.

SSRİ Baş Prokurorluğunun istintaq etdiyi cinayət işinin materiallarının üzərində şəkilləri olan Eduard Qriqoryana pasport verilməsinə dair l nömrəli forma, islah-əmək müəssisəsindən azad olunması barədə arayış, hərbi uçot kartoçkası, təqsirləndirilən şəxs qismində zərərçəkmişlərə tanınma üçün təqdim etmə foto şəkilləri və digər sənədlər əlavə edilmişdir.

Eduard Qriqoryanın cinayət işinə əlavə edilmiş sənədlərinə baxış keçirilmiş və orada olan həmin şəkillərin “odnoklassniki.ru” sosial şəbəkəsindən götürülmüş foto-şəkillərdə əks olunmuş şəkillərlə uyğunluq təşkil etməsi güman edilmişdir.

Bundan başqa SSRİ Baş Prokurorluğunun müstəntiqləri tərəfindən Eduard Qriqoryanın şəxsi müayinəsi keçirilmiş və müayinə barədə tərtib edilmiş protokolda onun qollarında döymələr (tatuirovkalar) olması qeyd edilmişdir. “Odnoklassniki.ru” sosial şəbəkəsindən əldə edilmiş foto-şəkillərdə əks olunmuş şəxsin Eduard Qriqoryan olmasını müəyyən etmək üçün məhkəmə-portret ekspertizası təyin edirmişdir. Həmin ekspertizanın 11 fevral 2015-ci il tarixli, 2122 nömrəli rəyi ilə müəyyən olunur ki, göstərilən şəxs Qriqoryan Eduard Robertoviçdir.

9 fevral 2015-ci il tarixdə Eduard Qriqoryan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (01 sentyabr 2000-ci il tarixə kimi qüvvədə olan) 67 (milli və irqi hüquq bərabərliyini pozma), 72 (kütləvi ixtişaş), 94 mad. 2,6,7-ci bəndləri (ağırlaşdırıcı hallarda xuliqanlıq niyyətilə, xüsusi amansızlıq və zorlamaqla əlaqədar qəsdən adam öldürmə), 109-cu maddəsinin 3 hissəsi (bir qrup şəxs tərəfındən zorlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar çıxarılmış, Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış verilmişdir. Hazırda axtarış “İnterpol” vasitəsi ilə həyata keçirilir. Eyni zamanda Rusiya Federasiyası Prokurorluğuna Eduard Qriqoryanın tapılaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşlarının iştirakı ilə ətraflı dindirilməsi üçün xüsusi tapşırıq göndərilmişdir.

Hörmətli tədbir iştirakçıları!
SSRI Baş Prokurorluğunun istintaq qrupunun və hazırda tərəfimizdən aparılan istintaq materialları əsasında bildiyiniz kimi 2014-cü ildə Eyruz və Ramazan Məmmədovların müəllifı olduqları “Cinayət və cəza” kitabı azərbaycan, rus və ingilis dillərində nəşr olunmuşdur.

İctimai-siyasi xadimlərin, millət vəkillərinin, tarixçi alimlərin, işin istintaqını aparan prokurorluq əməkdaşlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakları ilə həmin kitabın 28 fevral 2014-cü il tarixdə Elmlər Akademiyasının Rəyasət Heyətində geniş təqdimat mərəsimləri keçirilmişdir.

Bundan başqa həmin kitabın Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin tapşırığı əsasında səfirliklər vasitəsi ilə müxtəlif xarici ölkələrdə, o cümlədən Meksikada ispan dilinə tərcümə olunaraq yayılması təmin edilmişdir.

Eyruz və Ramazan Məmmədovların müəllifləri olduqları “Cinayət və cəza” kitabı dünya mətbuatında da maraqlı müsahibələrə səbəb olmuşdur. Belə ki, 2014-cü ilin avqust ayında Litvanın “Slaptai it” internet portalında tanınmış jurnalist Gintaras Visotskasın “Sumqayıt detekivi” sərlövhəli məqaləsi yerləşdirilib. Müəllif həmin məqalədə Sumqayıt hadisələri ilə əlaqədar jurnalist araşdırması apararaq qeyd edilən kitabın böyük tarixi əhəmiyyəti olduğunu qeyd etmişdir.

Gintaras Visotskas yazır Sumqayıt 1988-ci il tarixi kitabı tarixi, siyasət və gizli xidmət orqanlarının intriqaları ilə maraqlanan hər kəs üçün maraqlı jurnalist araşdırması nümunəsidir. Müəllif kitabında bu qırğının Dağlıq Qarabağın Azərbaycandan qopardılması məqsədi ilə erməni terrorçu təşkilatçıları tərəfindən qəsdən törədildiyini sübuta yetirən faktlar gətirir.

Hörmətli tədbir iştirakçıları!

Sonda xüsusi qeyd etmək istərdim ki, təqdimatına toplaşdığımız kitabın dünyada “erməni mifi”nin dağıdılmasında, onların yalanlarının ifşa olunmasında əhəmiyyətli rol oynayacaqdır.