Kütləvi iğtişaşlar dövründə azərbaycanlıları ittiham etmək məqsədilə ermənilərin öz soydaşlarına qarşı törətdiyi təxribatlara dair materiallar

     Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Sumqayıtda baş verən hadisələr dövründə ermənilər öz soydaşlarına qarşı qəsdən və ya xüsusi məqsədlə təxribatlar törədib sonradan həmin hadisələrdə azərbaycanlıları ittiham etməyə çalışmışlar.

      Məsələn, Sumqayıt şəhəri 9-cu mikrorayonda yaşayan Benik Qriqoryan ad-soyadlı bir erməni öz mənzilini, həmçinin Babayan soyadlı qohumunun mənzilini yandırmış, sonra bunun Fəxrəddin Quliyev adlı-soyadlı bir azərbaycanlı tərəfindən törədilməsi barədə yalan xəbərçilik etmişdir. Araşdırma zamanı həmin ermənilərin evlərinə baxış keçirilərkən məlum olmuşdur ki, faktiki olaraq boş mənzillər yanmışdır. İstintaq qrupunun üzvləri bu hala diqqət yetirdikdə Benik Qriqoryan onlara rüşvət təklif etmişdir. Amma SSRİ Baş Prokurorluğunun istintaq qrupu həmin fakta heç bir hüquqi qiymət verməmişdir.

      Bundan əlavə aparılmış istintaqla müəyyən edilmişdir ki, bəzi hallarda Sumqayıt şəhərində ermənilərə qarşı törədilmiş cinayətlərin miqyasını süni surətdə genişləndirmək və sonradan həmin cinayətlərin azərbaycanlılar tərəfindən törədilməsini iddia etmək məqsədilə ermənilər öz əmlaklarını götürüb mənzillərini boşaldaraq, köçüb gedərkən qəsdən orada yanğınlar törətmişlər.

      Belə ki, hadisələr dövründə 9 saylı MİS-nin rəisi vəzifəsində işləmiş Abdullayev Abdulla Bəhmən oğlu ifadəsində göstərmişdir ki, rəisi olduğu MİS-nin xidməti ərazisinə aid olan 9-cu mikrarayondakı 36 №-li binada Seda adlı erməni qadının yaşadığı mənzildə yanğın baş verməsi barədə məlumatla əlaqədar  istintaqçılarla birlikdə hadisə yerinə getmiş, mənzilin qapısı bağlı olduğundan qapını sındıraraq ora daxil olmuş, evin tamamilə boşaldıldığını, boş otaqların birinin ortasında şəbəkədən ayrılmamış elektrik qızdırıcısının tüstüləndiyini görmüş, sonradan qonşulardan öyrənmişdir ki, evin sahibi olan erməni qadın 1-2 gün əvvəl evininin əşyalarını çıxararaq tanışlarının evinə aparmışdır. Bu barədə o (A.Abdullayev), sonradan rus  müstəntiqlərinə ətraflı ifadə vermək istərkən, onlarla arasında mübahisə yaranmış, müstəntiq ondan ifadəsini dəyişməyi tələb etmiş, lakin o, buna razılıq verməyərək hadisə barədə əsl həqiqəti söyləmişdir.

     Hadisələr dövründə Azərbaycan LKGİ Sumqayıt şəhər Komitəsinin 1-ci katibi işləmiş Məmmədov Eldar Əhməd oğlunun ifadəsindən görünür ki, 18-ci mikrorayon tərəfdə yerləşən 9 mərtəbəli binada bir erməninin yaşadığı mənzildə yanğın olması barədə aldığı məlumatla əlaqədar komsomol əməliyyat dəstəsinin tərkibində həmin ünvana getmiş, mənzilə daxil olarkən orada heç kimin olmadığını, otaqların birinin ortasında masanın üzərində boş bir boşqab olduğunu və masanın bir hissəsinin yandığını, ev sahiblərindən də orada heç kimin olmadığını görmüş və onları qarşılayan  yanğını görüb söndürənlərdən biri izah etmişdir ki, mənzili yandırmaq üçün içinə neft doldurulmuş boşqaba yanan şamı qoyurlar ki, şam yanıb qurtarandan sonra neft alışıb yansın və bu yolla mənzildə yanğın baş versin.