28 fevral 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Sumqayıt hadisələri ilə bağlı www.sumqait.com internet saytının təqdimatına həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini Rüstəm Usubovun çıxışının mətni


      KİV-lərdə gedən məlumatlardan bilirsiniz ki, hazırda Baş Prokurorluqda 1988-ci il fevralın 27-29-da baş vermiş məlum Sumqayıt hadisələri ilə əlaqədar cinayət işinin istintaqı davam etdirilir.

      Uzun müddət keçməsinə baxmayaraq, həmin hadisələrin yenidən araşdırılması hansı zərurətdən doğmuşdur?

     Əvvəla, qeyd olunan hadisələrdən, yəni 1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlardan 23 il keçməsinə baxmayaraq, ermənilər hələ də dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu hadisələrin mahiyyəti ilə əlaqədar aldatmağa çalışmaqdan əl çəkmirlər. Onlar Sumqayıtda törədilmiş hadisələrin əsl mahiyyətini gizlədərək Azərbaycan xalqını vəhşi, qaniçən və cinayətkar qismində dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxır, Sumqayıt hadisələrini soyqırımı kimi təqdim etməyə çalışırlar və bu istiqamətdə xeyli fəal təbliğatla məşğuldurlar. Bu məqsədlə Ermənistan Baş Prokurorluğu Sumqayıt hadisələri ilə bağlı internetdə xüsusi sayt açaraq həmin hadisələr haqqında yalan məlumatlar yaymağa başlamışdır.

     Bundan başqa, həmin hadisələrlə əlaqədar Sumqayıt Şəhər Prokurorluğu tərəfindən hadisələr başlayan kimi, yəni fevralın 27-də başlanmış və artıq 1988-ci il martın 1-də keçmiş SSRİ Prokurorluğunun İstintaq qrupunun icraatına götürülərək istintaq olunmuş cinayət işlərinin öyrənilməsi göstərmişdir ki, bu hadisələrlə bağlı işin istintaqı qeyd olunan istintaq qrupu tərəfindən tam, hərtərəfli və obyektiv aparılmamış, hadisələrin əsl mahiyyəti açılmamış, faktiki olaraq gizlədilmiş, cinayətlərin bütün iştirakçıları müəyyən edilməmiş, hadisələrin əsl təşkilatçıları isə ümumiyyətlə, məsuliyyətdən kənarda qalmış, onların müəyyən edilib məsuliyyətə cəlb olunması üçün heç bir tədbir görülməmiş, cinayətin başvermə səbəb və şəraiti qətiyyən araşdırılmamışdır.
Məhz qeyd etdiklərim Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurətini yaratmışdır.

     Hazırda aparılan istintaqın əsas məqsədi də məhz Sumqayıt hadisələri ilə əlaqədar erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını, nə qədər çətin də olsa müəyyən etməkdir.

     Bu məqsədlə əvvəlcə, Baş prokuror Zakir Qaralovun əmri ilə SSRİ Baş Prokurorluğunun istintaq qrupunun aparmış olduğu və icraatlarını dayandırdığı cinayət işlərinin öyrənilməsi üçün Prokurorluğun təcrübəli işçilərindən ibarət komissiya yaradılmış və komissiya işləri öyrənərək onların icraatlarının təzələnərək yenidən istintaq aparılmasını tövsiyə etmişdir.

     Baş prokurorun 2010-cu il 19 mart tarixli qərarı ilə 5 cinayət işinin icraatı təzələnərək bir icraatda birləşdirilmiş, istintaqın aparılması Baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərliyi ilə Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupuna tapşırılmışdır.

     Doğrudur, Sumqayıt hadisələri ilə əlaqədar keçmiş SSRİ Prokurorluğunun SSRİ-nin müxtəlif respublikalarından və hüquq-mühafizə orqanlarından 200-ə yaxın müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən olduqca böyük həcmdə material toplanmış, araşdırılmış və bir çox şəxslər məsuliyyətə cəlb edilmişlər.

     Lakin hadisələrlə bağlı istintaqın lap əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkarların isə azərbaycanlılar olması barədə irəli sürülmüş doqmatik fərziyyə istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olmuşdur.

     Belə ki, Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmamış, onlar dərhal "zərərçəkən" tərəf kimi buraxılmış və bir çoxları məsuliyyətdən kənarda qalmışdır.

     İş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş Qriqoryan Eduard Robertoviç isə onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar Marina və Karina Mejlumyanlar, onların anası Roza Mejlumyan tərəfindən tanındığından onu məsuliyyətdən kənarda saxlamaq havadarlarına nəsib olmamışdır.

     Bunu ona əsaslanıb deyirəm ki, hazırda aparılan istintaqla və əldə edilmiş arxiv materiallarına əsasən Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışmışlar.

     Təsadüfi deyildir ki, Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən az sonra hansısa xidmətlərinə görə cəzasını çəkmək üçün Ermənistana göndərilmiş və orada azadlığa buraxılmışdır.

     Bu gün də ermənilər Sumqayıtda kütləvi iğtişaşların fəal iştirakçısı erməni Qriqoryan Eduard Robertoviçin hadisələrdə iştirak etməməsi, erməni olduğuna görə onun barəsində saxta sübutlar toplanması, bəzi hallarda isə onun ümumiyyətlə, erməni olmaması, anasının azərbaycanlı olması və pasportunda milliyyətinin azərbaycanlı göstərilməsi kimi şayiələr yaymaqla məşğuldurlar.

     Ermənilərin nə deməsindən asılı olmayaraq, Eduard Qriqoryanın Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların fəal iştirakçısı olması ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilmiş və onun barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu il 22 dekabr tarixli hökmü vardır.

     Həmin cinayət işinin istintaq materiallarına əlavə edilmiş Eduard Qriqoryanın pasportunda, pasport almasına dair 1 nömrəli formada, hərbi xidmət sənədlərində onun milliyyətinin erməni yazılması müəyyən edilmişdir.

     Hazırda E.Qriqoryanın olduğu yerin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

     Hazırkı istintaqla o da müəyyən edilmişdir ki, Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyətinin kütləvi iğtişaşlar baş verəcəyindən əvvəlcədən xəbərləri olmuşdur. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getmələri müəyyən edilmişdir. Köçüb gedənlərin əksəriyyəti imkanlı ailələr olmuşdur.

Həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gəlib buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları müəyyən edilmişdir.

     Yuxarıda qeyd olunduğu kimi, ermənilər Sumqayıt hadisələri zamanı azərbaycanlıların vəhşi obrazını yaratmaq üçün əllərindən gələni edirlər.

     Hazırda aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətcə erməni qadınlar dindirilmiş və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etmələrini göstərmişlər.

     Bundan başqa, hələ SSRİ Baş Prokurorluğunun istintaq qrupu istintaq apararkən, Ermənistan SSR Prokurorluğunun müstəntiqləri Sumqayıtdan köçüb Ermənistana getmiş erməniləri dindirmiş və onlar da azərbaycanlıların onları xilas etmələri barədə ifadələr vermişlər.

     Qeyd etdiyim bu faktdan, yəni guya hadisələr zamanı azərbaycanlılar arasından ölənlərin olmaması "fakt"ından istifadə edən ermənilər Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi barədə iddialarını bu gün də davam etdirirlər.

     Ermənilərin iddialarına baxmayaraq, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilmişdir ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 5 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmuş və işin icraatına əsassız olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə tərəfimizdən aparılan əlavə istintaq zamanı sübut olunmuşdur ki, Bakı 1 nömrəli avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Markaryan Valeri Vaskanoviç Sumqayıt şəhərində idarə etdiyi avtobusu küçədə səki ilə hərəkət edən insanların üstünə qəsdən sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Rus millətindən olan istintaq aparanlar isə hadisəni elə qələmə vermişlər ki, guya zərərçəkənlərin özləri günahkar olmuş və guya təsadüfən hərbçilərin idarə etdikləri zirehli texnikanın tırtılları altında qalıb həlak olmuşlar. Ölənlərin yaxın qohumları da bu vaxtadək elə güman etmişlər ki, hadisə hərbçilər tərəfindən törədilmişdir.

     Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

     Aparılmış indiki istintaqla həmçinin müəyyən edilmişdir ki, Sumqayıt şəhərində zərərçəkən ermənilərin əksəriyyəti Dağlıq Qarabağ Vilayətində fəaliyyət göstərən "Krunk" cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina edənlər olmuşlar.

     İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər Kabinetinə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər, Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinə, Ali Məhkəməyə, Həmkarlar İttifaqları Konfederasiyasına, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, respublikanın bəzi kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilərək əksəriyyətinə cavablar alınmışdır.

     Onu da qeyd etmək yerinə düşər ki, Sumqayıtda həmin dövrdə 18 min nəfərə yaxın erməni yaşadığı halda, cəmi 26 erməninin öldürülməsi faktı, azərbaycanlıların öz erməni qonşularını fədakarcasına müdafiə etmələri və gizlətmələri nəticəsində mümkün olmuşdur.

     SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, onlar Sumqayıt hadisələrinin istintaqını aparmış SSRİ Baş Prokurorluğunun istintaq qrupunun tərkibində fəaliyyət göstərmiş, istintaq qrupunun rəhbəri SSRİ Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Qalkin familiyalı bir nəfər olmuş, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğundan və Rusiya Federasiyasının müxtəlif vilayətlərindən dəvət edilmiş müstəntiqlər yerinə yetirmiş, aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəlmişlər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil etmiş, istintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyənləşdirilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmamış, onların ifşa olunmasında maraqları olmamış və buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb etmiş və Azərbaycan millətindən olan müstəntiqləri əsas istintaq hərəkətlərinin icrasından kənarda saxlamağa çalışmışlar.

     Tərəfimizdən həmin dövrdə Sumqayıt şəhərində partiya, sovet və hüquq-mühafizə orqanlarında işləmiş şəxslər, habelə kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri dindirilmişlər. Onların verdikləri ifadələrdən belə nəticəyə gəlmək olar ki, hadisələr sovet rəhbərliyinin məkrli planları və xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilmiş və idarə olunmuş, iğtişaşların qarşısını almaq üçün dövlət rəhbərliyi səviyyəsində lazımi tədbirlər görülməmişdir.

     Apardığımız istintaq zamanı Sumqayıtda doğulub və uzun müddət orada yaşamış sakinlərin çoxsaylı ifadələrindən görünür ki, iğtişaşları təşkil edən qara plaşlı şəxslər sumqayıtlı olmamış, onlar öz aralarında bəzən erməni dilində danışaraq Azərbaycan dilini də təmiz bilmiş və hadisələr zamanı adamlar arasında ermənilər əleyhinə təbliğat aparmış, camaata spirtli içkilər, güclü təsiredici həblər, pul, dəmir parçaları və s. paylamış və talançıları əvvəlcədən onlara məlum olan erməni ünvanlarına aparmışlar.

     Azərbaycan ərazisində, o cümlədən Bakı və Sumqayıt şəhərləri ərazisində Sumqayıtdakı iğtişaşların qarşısını almaq üçün yetərli sayda hərbi qüvvələr olsa da, məlum olmayan səbəbdən SSRİ rəhbərliyi buraya Rusiyada yerləşən hərbi hissələrin qüvvələrini yeritmiş, lakin onlar da iğtişaşların qarşısını almaq üçün lazımi tədbirlər görməmişlər.

     Bundan başqa, Moskva şəhərində SSRİ Prokurorluğunun istintaq qrupunun üzvü olmuş keçmiş SSRİ Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq işləmiş V.İ.Kaliniçenko ilə görüşərkən o, Sumqayıt hadisələrinin istintaqı zamanı ermənilərin söylədiklərinin, yəni "qaniçən azərbaycanlı" obrazı əvəzinə, insanpərvərlik nümunəsi göstərmiş sumqayıtlı azərbaycanlılardan ağızdolusu danışaraq Səməngül adlı sadə bir azərbaycanlı qadının erməni qonşularını öz həyatını təhlükəyə ataraq necə müdafiə etdiyinin şahidi olduğunu bildirmiş və göstərmişdir ki, belə faktlar yüzlərlə olmuşdur.

     Sonda onu qeyd etmək istəyirəm ki, istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hazırda Rusiya Federasiyası, Ukrayna, Belarus və Moldova hüquq-mühafizə orqanlarına SSRİ Prokurorluğunun istintaq qrupunun üzvləri barədə məlumatlar əldə edilməsi üçün sorğular verilmişdir.